Bakı ilə arasında məsafə: 168 km
Əhalisi: 157,6 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Quba avtobusları – 3 saat, Quba – Uzun meşə, Quba – Afurca, Quba – Qəçrəş, Quba – Balbulaq, Quba – Tənqəaltı, Quba – Xınalıq
Quba rayonu Azərbaycana gələn turistlərin ən çox xoşladığı bölgələrdən biridir. Afurca kəndi və onun məşhur şəlaləsi isə illər boyu bakılıların sevimli istirahət yeri olmuşdur. Bu rayona səyahətə çıxan turistlər hökmən Təngəaltı yarğanına tamaşa edir, sonra isə bulanıq sulu Vəlvəliçaydan keçərək Kunxırt şəlaləsində baxmaqdan zövq alır, daha sonra ötən əsrin 40-cı və 50-ci illərdən rayon mərkəzi olmuş Qonaqkəndə, təkrarolunmaz gözəlliyilə taınan Noğurdüzü, Yerfi kəndlərinə üz tuturlar. Yol get-gedə üzü yuxarı qalxır. Tədricən ətrafa təbiət də dəyişir. Meşələr get-gedə seyrəlir, yüksəklik dəniz səviyyəsindən 1000 metri aşdıqda isə ağaclar kollarla əvəz olunur.
Bir qədər də yuxarıda, Xaçınçay sahillərində kükürdlü su bulaqları yerləşir. Buradakı dar yarğandan çıxan qaynar sular müalicəvi əhəmiyətə malikdir. Burada qayalarda çapılmış 3 vannadan ibarət olan sanatoriyaya bənzər bir tikilini kimin inşa etdiyi indi heç kəsin yadına gəlmir. Hər birinin ölçüsü 2x3 m olan bu vannaların dövrəsinə daş divar çəkilmiş, üstü isə ağac gövdələrindən düzəldilmiş talvarla örtülmüşdür. Bu daş vannalar müalicə proseduraları qəbul etmək üçün o qədər münasibdir ki, hətta şəhər sivilizizasiyasını görüb bir qədər şıltaqlaşmış turistlər də orada vaxtlarını məmnuniyyətlə keçirirlər. Yarıqaranlıq, qayadan çıxan ilıq su Sizi sanki sərməst edəcək. Ümumilikdə, Quba rayonunda 70-yaxın təbiət abidəsi mövcuddur.
Bunlardan «Gəlin qayası», «Qızıl qaya», «Gülcahan daşı», «Xatadərə», «Cəfər dərəsi», «Nənə-huy» dərəsi, «Xan bulağı», «Daş gəlinlər», «Ağacda ev», «Atəşgah», «Xaltan suyu», «Xaşi isti suyu», «Sona bulağı», «Qırxbulağ», «Xan çinar», «Yol gözətçisi», Pirit çökəkliyi, Palıd meşəsi, Qızılağac meşəsi və s. kimi təbiət möcüzələrini göstərmək olar. Çayların məcaralarında kol tikanı, sumaq və başqa kol bitkiləri bitir. Bu yarğanda yaşayan ağbaş qartallar isə Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir.
Ötən əsrin 60-cı illərində Utuq kəndinin ətrafında tapılmış pul sikkələri XII-XIII əsrlərdə zərb edilmişdir. Bu pullar Şirvanşahların hakimiyyətdə olduğu dövrə aiddir. Utuqda XIX əsrdən bir neçə bina, o cümlədən, özünəməxsus arxitekturaya və bəzəyə malik olan məscid və bir neçə yaşayış evi qorunub saxlanmışdır.
Xınalıq kəndində atəşpərəstlər məbədi (IX əsr), Ağbil kəndindəki səkkizguşəli məqbərə (XVI əsr), yerli əhali arasında müqəddəs sayılan Pirbənövşə ziyarətgahı yəqin ki, turistləri çox maraqlandıracaqdır.
Rayonun inzibati mərkəzi – Quba şəhəri böyük Qafqaz silsiləsinə aid Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçay sahilində yerləşir. Hazırda Qubada universitet və xalçaçılıq mərkəzi fəaliyyət göstərir. Yerli sakinləri Sizi inandıracaqlar ki, Qubada toxunan «Çiçi», «Ağgül» və «Pirəbədil» xalçaları Azərbaycandan ən yaxşı xalçalardır. 1712-ci ildə toxunmuş «Qollu Çiçi» xalçası hazırda Nyu – Yorkdakı «Metropolitan» muzeyində saxlanılır.
Quba şəhərinin tarixi Qudyal kəndindən başlanır. XVIII əsrin ortalarından Quba xanlığı yaradıldı, xanlığın mərkəzi isə Xudat oldu. Bu müddətdən sonra Quba xanı Hüseynəli xan öz iqamətgahını Qubaya köçürdü və şəhərin ətrafında qala divarları ucaltdı. Bu şəhər xanlığın paytaxtına çevrildi. Quba xanlığının ən məşhur hökmdarı olmuş Fətəli xan Azərbaycanın pərakəndə xanlıqları əsasında vahid dövlət yaratmağa cəhd göstərirdi. Lakin XIX əsrin əvvəllərində Azərbaycanın digər xanlıqları kimi, Quba xanlığı da Rusiya tərəfindən işğal edildi və Rusiya İmperiyasının tərkibinə daxil edildi.
Məşhur fransız yazıçısı Aleksandr Düma, rus şərqşünası Berezin, tanınmış rus yazıçısı Bestucev-Marlinski, norveçli məşhur alim və səyyah Tur Heyerdal Qubada olmuşlar.
Şəhərin ətrafında çoxlu tarixi abidələr qorunub saxlanmışdır: Cümə məscidi, XVI əsrdə tikilmiş məqbərə, Səkinəxanım məscidi, iki qədim hamam və s. Şəhərdə tarix muzeyi, eləcə də XIX əsrdə yaşamış maarifçi, yazıçı və ictimai xadim A. Bakıxanovun ev-muzeyi var.
Quba şəhərinin yaxınlığındakı kəndlərin birində dağ yəhudilərinin ən iri icması vardır. XVIII əsrin ortalarında Fətəli xanın dövründə Quba xanlığı sürətlə inkişaf edirdi. Bu xanlıq Dərbənddən başlamış Lənkərana qədər bütün şimal-şərq Azərbaycanı öz təsirinə tabe etmişdir. Məhz həmin dövrdə Quba xanları bu xanlığının paytaxtının yaxınlığında yəhudilər torpaq ayırmış və onların təhlükəsizliyinə zəmanət vermişdir. Qudyalçayın hər iki sahilində yerləşmiş Quba şəhərinin müsəlmanlar yaşayan hissəsi çayın daha yüksək sağ sahilində, yəhudilər isə çayın sol sahilində məskunlaşmışdır. Oktyabr inqilabına qədər Yəhudi qəsəbəsi adlanan bu hissə 1926-cı ildən Qırmızı Qəsəbə adlanır.
Rayonun ərazisində uca dağlar qoynunda yerləşən Xınalıq kəndi unikal xüsusiyyətlərə malikdir. Bu kənd rayon mərkəzindən 65 km məsafədə, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. 380 evdən ibarət olan Xınalıqda 3000 sakin yaşayır. Kəndin əhalisi ayrıca bir etnoqrafik qrup təşkil edir. Onların öz dilləri var, dünyanın heç bir yerində onlardan başqa heç bir kəs bu dildə danışmır. Xınalıqlar öz dilləri kimi, qədim adət-ənənələrini də qoruyub saxlayırlar. Xınalıq Quba rayonun parlaq simasını formalaşdıran ən maraqlı komponentlərdən biridir.
Ölkənin kənd təsərrüfatı mərkəzlərindən biri olan Quba rayonu özünün məşhur alma bağları ilə tanınmışdır. Baharda, alma ağacları çiçəkləyəndə bu çiçəklərin ətiri hər tərəfə yayılır. Qubanı bəzəyən «alma bağı» adlandırırlar.
Bakı ilə arasında məsafə: 180 km
Əhalisi: 90,5 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Qusar avtobusları – 3,5 saat.
Qusar rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Dağıstanla həmsərhəddir. Rayonun inzibati mərkəzi Qusar şəhəri Xudat dəmiryol stansiyasından 35 km aralıda yerləşir. «Qusar» sözü «hisar» qəbiləsinin adından yaranmışdır. Dağlar və vadilər diyarı olan bu rayonun ərazisindəki Bazardüzü dağı (4466 metr) Azərbaycanın ən uca nöqtəsidir. Zəngin florası ilə seçilən bu rayonun ərazisinin 20%-i meşələrlə örtülmüşdür. Meşələrdə əsasən enliyarpaqlı ağaclar, o cümlədən, vələs, palıd və fıstıq ağacı bitir. Çayların sahili boyunca tuğay meşələri uzanır. Bu meşələrdə sumax, əzgil, yemişan, zoğal, itburnu, qaragilə və quşüzümü bitir, dərman bitkiləri və cır meyvələr də geniş yayılmışdır. Rayonun heyvanat aləmi də zəngindir. Burada ayı, canavar, qaban, dağ keçisi, quşlardan isə qızılquş, bayquş, və başqaları daha geniş yayılmışdır. Urva kəndinin yaxınlığında yerləşən, sahəsi 7 hektar olan «Əlistan baba»adlı fıstıq meşəsi isə xüsusi mühafizə olunur. Şahnabaz və Laza şəlaləri rayonun fəxridir. Bu şəlalərin yuxarıdan şırıltı ilə axaraq, qar kimi ağ köpük yaradan suyun qeyri-adi mənzərəsi və günəşdə bərq vuran su dərmanları hər kəsi heyran edir.
Rayonda tarixi abidələr qorunub saxlanılmışdır. Əniğ kəndini yaxınlığında XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndi yaxınlığında Şeyx Cüneyd məqbərəsi, Hil, Əniğ, Balaqusar, Yasab, Köhnə Xudat, Gündüzqala və başqa kəndlərdəki qədim məscidlər bu cür abidələrdir. İndi burada onun adını daşıyan muzeyi var. Rayon mərkəzində həmçinin mədəniyyət və istirahət parkı da var.
Qusarda ekoloji turizm üçün hər cür şərait var. Ekoloji marşrutlarını üç istiqamətə bölmək olar:
1. Qusar – Laza istiqaməti. Bu istiqamətdə səyahətə çıxan turistlər Əniq kəndindəki tarixi abidələrə və tətbiqi xalq sənəti nümunələrinə tamaşa etmək imkanı əldə edirlər. Marşrutun sonunda «Suvar» istirahət bazasına çatandan sonra alpinizm həvəskarları Şahdağa çıxa bilərlər.
2. Qusar – Sudur istiqaməti. Bu istiqamətdə səyahətə çıxan turistlər Həzrə kəndində Şeyx Cuneydin məqbərəsinin ziyarət edə bilərlər. Bundan əlavə, bütün marşrut boyu onlar tətbiqi xalq sənəti nümunələri ilə, yerli əhalinin adət və ənənələri ilə tanış ola bilərlər. Marşrutun son məntəqəsi olan Sudur kəndi rayon mərkəzindən 75 km aralıda, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Şahdağın yamaclarında yerləşir. Buranın gözəl təbiəti, ətrafdakı dağların fonunda yaranan unudulmaz panoraması var.
3. Qusar – Qazanbulaq istiqaməti. Bu marşrutda ən maraqlı obyekt «Əlistan baba» fıstıq meşəsidir.
Qusar rayonunda qədim xalq sənəti növlərindən xalçaçılıq, tikmə, ağac üzərində oyma sənətləri yaxşı inkişaf etmişdir.
Bakı ilə arasında məsafə: 157 km
Əhalisi: 164,5 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Xaçmaz avtobusları, Nabran – 3 saat; Qatarla - Bakı – Yalama – 5 saat, Bakı – Rostov, Bakı – Moskva, Bakı – Kiyev, Bakı – Xarkov
Xaçmaz rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Samur – Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya ilə həmsərhəddir. Rayon ərazisində magistral avtomobil yolu və Bakı – Moskva dəmir yolu keçir. Rayon ərazisinin 20800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Xaçmazın iqlimi mülayimdir. Burada termal və mineral su bulaqları vardır. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. «Gülalan gölü» qoruğu bu Cəmiyyətin nəzdindədir.
Belə güman edirlər ki, «Xaçmaz» adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə «Xaçmaz» şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçüb getmiş və orada Xaçmax adlı kənd və eyni adlı qala tikmişlər.
Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmiş. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur «Baba əl Əbvab» («təmir darvaza», «Dərbənd qapıları») istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdigərdin növündə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş şadd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbyacan ərazisinə bu yolla keçmişdilər. Xaçmaz rayonun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri və məişət müxəlləfatı əşyaları aşkar edilmişdir.
Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası «Allahın neməti» deməkdir) Xaçmaz rayonunda yerləşir. XVIII əsrin əvvəllərində Xudat Quba xanlığının paytaxtına çevrilmişdir. 1735-ci ildə Fətəli xanın iqamətgahı Xudatdan Qubaya köçürüldü və Xudat öz əvvəlki əhəmiyyətini itirdi. Xudat torpağında çoxlu içməli su ehtiyatları var. 1917-ci ildə istismara verilmiş və hələ də Bakının içməli su ilə təmin edilməsində mühüm rol oynayan məşhur Şollar su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır.
Rayonda 60-dan çox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır. Rayonun ərazisindəki ən qədim arxeoloci abidələr Mollabürhan, Hülovlu, Qaraçik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbələdəndir. Çoxsaylvı tarix və mədəniyyət abidələri var. Moruq – oba, Qalağan, Uzun – oba, Tağar – oba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılmışdır. Xxəsrin əvvəllərində (1900-1903-cü illər) tikilmiş dəmir yol stansiyası ıə su qülləsi də maraq doğurur. Bu tikililər indi də texniki cəhətdən yaxşı vəziyyətdədir.
Rayonda ənənvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf etmişdir. Xaçmaz litseyində xalçaşünaslıq fakultəsi fəaliyyət göstərir. Böyük və miniatür göstərir. Böyük və miniatür ölçülü xalçalar toxuyan ustaları iş başında müşahidə etmək turistlər üçün maraqlı olacaq.
Ölkədə çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonun ərazisindədir. Burada qumlu çimərliklərin mənzərəli meşələrlə qovuşduğu şəfalı yerlərdə çoxsaylı turist bazaları, pansionatlar, ən tələbkar turistləri də razı salacaq şəraitə malik olan istirahət evləri tikilmişdir.