Bakı ilə arasında məsafə: 375 km
Əhalisi: 321,1 min nəfər
Nə ilə getmək olar: Təyyarə: Bakı - Gəncə («Azal» aviaşirkəti Tel. (+99412) 493 40 04), Moskva-Gəncə, İctanbul-Gəncə. Avtonəqliyyat: Bakı-Gəncə - 7 saat, Tiflis-Gəncə Qatar: Bakı-Gəncə
Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncə qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. Bu şəhər Gəncə-Qazax ovalığında, Gəncəçay çayının hər iki sahilində yerləşir.
Gəncənin zəngin tarixinin səhifələrini vərəqlədikcə bu tarixin hər bir sətrində qədim şəhərin izlərinə rast gəlir, onun səsini eşidir, nəfəsini duyuruq.
Gəncənin yaranma tarixi barədə müxtəlif fikirlər var. Bəzi mütəxəssislər bu şəhərin eramızdan əvvəl yaranmasını, digərləri isə onun əsasının erkən orta əsrlər dövründə qoyulmasını iddia edirlər.
Gəncənin yaşı barədə fikir söyləmək üçün Jomərd Qəssab məqbərəsini dəlil hesab etmək olar. Bu şəxs xəlfə Əli İbn Əbütalibin hakimiyyəti dövründə (656-661-ci illər) yaşamış, ədalətli və namuslu olması ilə çoxlarından seçilmişdir. Gəncə sakinləri qütpərəst olduğu dövrdə Jomərd Qəssab onlardan xəbərsiz İslam dinini qəbul etmişdir.
X əsrdən başlayaraq Bərdə Arranın paytaxtı rolunu itirəndə Gəncə ölkənin ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayır. Ticarət və sənətkarlıq bu şəhərin həyatında mühüm yer tuturdu. Burada sənətkarlığın inkişafı üçün münasib iqtisadi potensial vardır. Gəncənin yaxınlığında dəmir, mis və başqa filiz yataqları sənətkarları xammalla təchiz edirdi. Gəncə ölkənin paytaxtı kimi formalaşdıqca şəhərin hərbi qüdrətinin artırılmasına da xüsusi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, xəndəklər qazılmışdır. Möhtəşəm Gəncə qalası hələ o dövrdə mövcud idi. I Fədlunun hakimiyyətində olduğu dövrdə Gəncə daha də böyümüş, möhkəmlənmişdi. Bu dövrdə şəhərdə yeni saraylar, körpülər, karvansaralar tikilmiş, pul zərb edilməyə başlamışdır.
1060-cı ildə dəmirçi İbrahim məşhur Gəncə darvazasını düzəltdi. Gəncə iri mərkəzə çevrildikdə onun iqtisadiyyatı və mədəniyyəti də inkişaf edirdi. Gəncə ipəyi və bu ipəkdən hazırlanan məmulatlar nəinki yerli bazarlarda, həmçinin xarici bazarlarda da alıcıların rəğbətini qazanmışdır. Gəncə həm də dini mərkəz hesab edilirdi.
1139-cu il sentyabrın 25-də Gəncə ətrafında dəhşətli bir zəlzələ baş verdi. Həmin zəlzələdən sonra bu ərazidə 8 gözəl göl yarandı. Bu göllərdən biri – gözəlliyi və insani məftun edən Göy – göl, haqlı olaraq Azərbaycanın incisi sayılır. Hazırda eyni adlı qoruğun ərazisində Göy – göl Azərbaycanın ən mənzərəli yerlərindən biridir.
XII – XIII əsrlərdə Gəncə Atabəylər dövlətinin ikinci paytaxtı olmuşdur. Bu dövrü Gəncənin çiçəklənmə dövrü adlandırmaq olar. Gəncədə istehsal edilən mallar ölkənin hüdudlarından çox-çox kənarda da məşhurlaşdığına görə bu şəhər «Arran şəhərlərinin anası» səviyyəsinə yüksəlmişdir.
Bu şəhərdə «Gəncə ipəyi» adlı parça qonşu dövlətlərin və Orta Şərq ölkələrinin bazalarında çox yüksək qiymətləndirilirdi.
XVIII əsrdə Gəncə xanlığı yarandı. Bu xanlıq XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən işğal edilənə qədər mövcud olmuşdur. Rusiya imperiyasının tərkibinə daxil ediləndən sonra Gəncənin adını dəyişdirib Yelizavetpol qoydular. Sovet dövründə bu şəhərin adını bir dəfə də dəyişdirilib Kirovabad adlandı. Yalnız 1989-cu ildə Gəncənin tarixi adı ona qaytarıldı.
Dahi Nizaminin, şairə Məshəti – xanımın, Mirzə Şəfi Vazehin vətəni, qədim mədəniyyətə malik olan Gəncə şəhərində çoxsaylı memarlıq abidələri var. Onlardan biri Gəncənin Jümə məscididir. Görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazeh Jümə məscidinin nəzdindəki mədrəsədə dərs demişdir. Şeyx İbrahim məqbərəsi də öz ilkin gözəlliyini qoruyub saxlamışdır.
Şəhərdə daha bir neçə qədim məscid var: Qızılhacılı məscidi, Ozan, Balabağbanlı, Şərəfxanlı, Şahsevən və başqa məscidlər. Qədim memarlıq abidələri arasında aşağdakıları qeyd edə bilərik: böyük və kiçik körpülər (XII əsr), Darısultan sarayı (XII əsr), qüllələr, mədrəsə, hamalar, karvansaralar və İmamzadə tikililər kompleksi (XVI əsr). Göy günbəzli bu gözəl bina İmam Bəcirə ibn İbrahimin məqbərəsi kimi tikilmişdir. Azərbaycan Demokratik Respublikasının ilk parlamentinin binası da maraq doğurur. Hazırda bu binanın qarşısında böyük şəhər parkı salınmışdır. XVI əsrə aid qala divarlarının qalıqları da buradadır. Şəhər hamamlarının diqqəti cəlb edən günbəzləri uzaqdan seçilir. Onların yaxınlığında Javad xanın məzarı yerləşir. Qədim abidələrdən biri də Aleksandr Nevski kilsəsidir (indi həmin binada kukla teatrı yerləşir). Yerli sənətkarların möcüzəsi sayılan 2 mərtəbəli butulka-ev böyük marağa səbəb olur. Bu binanın tikilməsi üçün 50 000 şüşə butulkadan istifadə edilmişdir. II dünya müharibəsində həlak olmuş ailə üzvünün portreti binanın bədii tərtibatının bir hissəsidir.
Gəncənin mərkəzindən 6 km şərqdə qədim Gəncənin xarabalıqları qalmışdır. Şəhərin tarix muzeyi və akademiya muzeyi Gəncənin tarixi inkişaf yolundan söhbət açır. Gəncəyə getmək və dahi şair Nizaminin məqbərəsini ziyarət etməmək heç cür mümkün deyil. Mərmərdən düzəldilmiş bu monumental abidənin hündürlüyü 20 m-dir. Abidənin arxa tərəfində metaldan tökülmüş fiqurlarda Nizami əsərlərindən ayrı-ayrı süjetlər təsvir edilir. Gəncədəki şəhər muzeyi, təsviri sənət qaleriyası və poeziya teatrı Nizaminin adını daşıyır.
Gəncə yaxınlığındakı filiz yataqlarından çıxarılan faydalı qazıntılar bu şəhərin metalurgiya sənayesi müəssisələrini xammalla təchiz edir. Şəhərdə çini qablar istehsalı, ipəkçilik, kənd təssərüfatı məhsullarının emalı, araq-şərab və qənnadı məhsulları istehsalı, mebel sənayesi yaxşı inkişaf etmişdir. Gəncə xalçaları Azərbaycanda yüksək qiymətləndirilir. Gəncədə Kənd Təsərrüfatı Universiteti, eksperimental kənd təssərüfatı stansiyası və elmi-tədqiqat pambıqçılıq institutu fəaliyyət göstərir. Bu yaxınlarda Gəncədə müasir tələblər səviyyəsində Olimpiya İdman mərkəzi açılmışdır.
Gəncədən 25 km cənubda, Murovdağın şimal yamaclarında, dəniz səviyyəsindən 1566 m yüksəklikdə gözəl Göy-göl yerləşir. Bu yerlərin nadir təbiətini, flora və faunasını qoruyubsaxlamaq məqsədilə 1965-ci ildə Göy-göl qoruğu yaradılmışdır. Qoruğun ərazisində təbiət muzeyi var. Bu gölün ətrafındakı Hacıkənd kurort zonası yay vaxtı sevimli istirahət yeridir. Hacıkənddə bir neçə turist bazası, istirahət evi və pansionat fəaliyyət göstərir. Turist marşrutlarından bir neçəsi bu yerlərdən keçir. Gəncədən 45 km aralıqda yerləşən Maral-göl də çoxlarının istirahət yeridir.
Bakı ilə arasında olan məsafə : 335 km
Əhalisi: 9,3 min nəfər
Ərazisi: 0,002 km²
Əhali sıxlığı: 310 nəfər/km²
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı-Gəncə-Naftalan avtobusları
Naftalan şəhəri Bakıdan 330 km qərbdə, Gəncə şəhərindən 50, “Goran” dəmir yolu stansiyasından 18 km aralı, Murov dağının dağətəyi düzənliyindədir. Dəniz səviyyəsindən 240-250 m yüksəklikdə yerləşir. Yayı isti, qışı yumuşaqdır. Orta illik temperaturu 14,8 dərəcədir. Küləyin hərəkət sürəti 5,0 m/san-dir.
Şəhərin ərazisi 31 may 2010-cu il tarixə kimi 879,82 hektar olmuşdur. Lakin kurort zonasını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Goranboy rayon və Naftalan şəhərinin inzibati ərazi vahidlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2010-cu il tarixli Qanununun tətbiq edilməsi barədə imzaladığı 10 iyun 2010-cu il tarixli 958 nömrəli Sərəncama əsasən Goranboy rayonunun inzibati ərazisindən 2692,81 hektar torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazi vahidinə daxil edilmiş və şəhərin ümumi sahəsi 3572,62 hektar olmuşdur.
“Naftalan” sözünün etimologiyası bu ərazidə çıxan neftlə əlaqədardır. Ehtimala görə, hələ qədimdən təbii şəkildə çıxan “Naftalan” neftinin müalicəvi əhəmiyyətini bilən xüsusi adamlar onu tuluqlara doldurub dəvə karvanı ilə müxtəlif yerlərə apararaq satırmışlar. Naftalan (neft alan) adının da elə buradan yarandığı ehtimal olunur. Müalicəvi naftalan məlhəmi haqqında ilk yazılı məlumatlar XII əsrə təsadüf edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) ''Xəmsə'' poemasında Səfikürd kəndindən karvanlarla Naftalan neftinin daşınmasınından söz açırdı. O, poemada qayğıkeş qadının ovda yaralanan ərinin yaralarını “dağ yağı” ilə müalicə etməsindən bəhs edirdi. XIII əsrdə Azərbaycanda olmuş məşhur səyyah Marko Polo da özünün ''Böyük Tatarıstan haqqında'' traktatında Naftalan neftini xatırlayır.
Naftalan neftinin sənaye üsulu ilə kəşfiyyatı, hasilatı və emalı tarixi XIX əsrə aid edilir. 1868-ci ildə Qafqaz Diyarının Dağlıq Hissəsinin İdarəçiliyi tərəfindən alman milliyətinə mənsub 8 nəfərə Naftalan yatağının yerləşdiyi ərazidə 80 desyatin torpaq sahəsi ayrılır. Həmin almanlar arasında xüsusi fəallığı ilə seçilən dağ mühəndisi Y.İ.Yeger hasil etdiyi neftin tərkibində benzin fraksiyalarının olmadığını (bu neft yanmırdı) görərək, əvvəlcə məyus olsa da, sonradan naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün Naftalanda kiçik bir zavod qurur. Çox keçmədən Yeger bu sahədə böyük uğur qazanır. O, istehsal etdiyi ''Naftalan'' mazının nümunələrini dünyanın ən tanınmış həkimlərinə göndərir və Maqdeburqdan professor List bu məsələyə böyük diqqət yetirərək, bütün məhsulu Almaniya üçün topdan alır. Çox maraqlıdır ki, həmin dövrdə Yegerin mazı Rusiyada nəyə görə isə qadağan edildiyi üçün onu buraya Almaniyadan patentləşdirilmiş mal kimi çox baha qiymətə gətirirdilər. Həmçinin zavodda “Naftalan” və “Kojelan” adlı preparatlar hazırlanırdı. “Kojelan” yağı insan dərisini, dəridən düzəldilmiş əşyaları yumşaq saxlayır, habelə metal predmetləri paslanmaqdan qoruyurdu. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılırdı.
1896-cı ildə həkim F.Q.Rozenbaum Qafqaz Səhiyyə Cəmiyyətinin iclasında öz şəxsi təcrübəsi əsasında ''Qafqazda çıxarılan Naftalanın təsiri haqqında'' qısa məlumatla çıxış etmişdi.
Naftalan neftinin reklamı ilə əlaqədar məşhur alman dermotoloqu P.P. Unna 1903-cü ildə demişdir: “Kim Naftalana malikdirsə, onun hər şeyi var”.
Həmçinin tarixi faktlardan məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsr düşən yapon əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır. Həmin hazırlanmış mazdan onlar bədənlərindəki yaralara çəkir və nəticədə yarları daha tez sağaldırdı. Bu da onu göstərir ki, Naftalan neftinin dünyada analoqu yoxdur və o, unikal müalicəvi əhəmiyyətə malikdir. İkinci Dünya müharibəsi dövründə isə Azərbaycanın və Bakının evakuasiya hospitallarında Ş.M. Həsənovun təklif etdiyi ''Naftomastika'' preparatı güllə yaraları, travmatik artritlər, yanıqlar, donmalar zamanı istifadə edilmişdir.
1911-1912-ci illərdə başqa bir alman sahibkarı Kvel ''German-Naftalan'' adlı səhmdar cəmiyyəti yaratmış və Naftalan neftindən bir neçə preparat hazırlamağa başlamışdır. Həmin illərdə Almaniyada Naftalanla bağla iki səhmdar cəmiyyəti “Maqdenburq-Naftalan”, Drezden-Naftalan fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdılar.
Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. Lakin, 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir.
Bakı ilə arasında məsafə: 439 km
Əhalisi: 162,8 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Tovuz avtobusları – 9 saat; Qatar: Gəncə – Ağstafa, Bakı – Qazax, Bakı – Ağstafa, Bakı – Tbilisi – 10 saat
Azərbaycan qərbində yerləşən Tovuz rayonu Gürcüstan və Ermənistanla həmsərhəddir. Rayonun ərazisi Kür çayı hövzəsinə daxildir. Tovuz, Zəyəm Əsri və Axınca çayları bu rayonun ərazisindən keçir. İqlimi – quru subtropik iqlimdir. Dağ yamaclarında yerləşən bu rayonun gözəl təbiəti, çoxlu bulaqları var. Rayondakı meşələrin sahəsi 32 min hektardır. Rayonun heyvanat aləmi zəngindir. Burada canavar, tülkü, dovşan, turac və kəklik çox yayılmışdır. Balıq ovu, dovşan və su quşları ovlamaq üçün əlverişli şərait var.
Rayonun inzibati mərkəzi Tovuz şəhəridir. Qədim türk yazılı mənbələrinə görə bu şəhərin adı Oğuz, Toğuz türkdilli qəbilələrin adından yaranmışdır.
Tovuz rayonun ərazisində Yanıxlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, Tovuz çayı üzərində X əsrdə tikilmiş körpü, Tovuz şəhərində karvansara xarabalıqları, kəhriz XIX əsrdə tikilmiş yaşayış binaları və su qülləsi, Əlibəyli kəndində VII əsrə aid Koroğlu qülləsi, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qalanın xarabalıqları və XVII əsrdə tikilmiş Şah Abbas məscidi kimi tarixi abidələr var. Bundan əldavə, arxeoloqlar bu rayonun ərazisində daş və dəmir dövrünə aid olan ərazidə insan yaşamasını təsdiq edən əşyalar aşkar etmişlər.
Bakı ilə arasında məsafə: 384 km
Əhalisi: 59,1 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı-Göygöl, Bakı-Gəncə avtobusları
Göygöl rayonu Respublikanın qərbində Kiçik Qafqaz dağlarının ətəyində, Gəncədən bir qədər cənubda yerləşir. Göygöl şəhərinin ətrafında meşələr, dağlar və Yeddi gözəl göl var. Bu rayonun ən uca zirvəsi Murov dağ silsiləsinə aid Camış dağıdır (3724 m). Rayonun iqlimi mülayim- isti iqlimdir. Quşqara və Gəncəçay çayları bu rayonun ərazisindən keçir. Burada heyvan və balıq ovu həvəskarları üçün ideal şərait var.
Təbiət qoynunda dincəlməyi xoşlayanlar yayda buraya gəlib yerli sakinlərin mənzillərini kirayə götürür, maraqlı ekskursiyalara və yürüşlərə çıxırlar. Təsadüfi deyildir ki, Mixaylovka, Yeni Zod və Toğana kəndləri bir növ turist mərkəzlərinə çevrilmişdilər.
Bu turist marşrutları çox populyardır:
1. Göygöl – Aşıqlı – Hacıkənd – Göygöl qoruğu marşrutu boyunca səyahətə çıxan turistlər müqəddəs Mariya kilsəsi kimi tarixi abidəyə tamaşa edə bilərlər. Bu marşrut Göygöl qoruğunda başa çatır. Buranın gözəl təbiəti, mənzərəli meşələri, şəffaf bulaqları, zəngin faunası var.
2. Göygöl – Topalhəsənli – Zurnabad – Şəhriyar. Marşrutun uzunluğu 18 km-dir. Bu marşrutda ağ körpü (XII əsr), tunc və dəmir dövrlərinə aid kurqanlar var. Zurnabad və Şəhriyar kəndlərində yerli sənətkarların toxuduğu əl xalçaları ala bilərsiniz.
3. Göygöl – Köşçü – Üçbulaq (marşrutun uzunluğu 9 km).
4. Göygöl – Quşqara – Balçılı. Marşrutun uzunluğu 15 km-dir. Balçılı kəndində qədim qüllə, Quşqara kəndində motel var. Bu marşrutlar turizmlə müstəqil olanlar arasında daha çox məşhurdur.
Rayon mərkəzi Göygöl şəhəri XIX əsrdə burada məskunlaşdırılmış alman köçkünlər tərəfindən qədim Xanlıqlar kəndinin yerində salınmışdır və Yelenendorf adlandırılmışdır. Stalin dövründə almanlar Orta Asiyaya sürgün edilmişdir. Lakin onların bu şəhərdə olmasının əlamətləri – düz küçələr, ağacdan tikilmiş binalar və kilsə hələ də qalır. Göygöl şəhəri Gəncə dəmiryol vağzalından 15 km məsafədə yerləşir. Şəhərdə tarix muzeyi, musiqi məktəbi və kinoteatr var. Buraya gələnlər şəhərin özündən yeddi əsr qədim tarixə malik olan körpüyə də tamaşa edə bilərlər. Rayon mərkəzindən 40 km məsafədə Göygöl qoruğu yerləşir. Şəhərə xas olan vurnuxmadan uzaq olan təbiəti, meşələrin gözəlliyi, quşların cəh-cəhi, gül-çiçəklərin ətri adamı heyran edir. Göygöldən «Göygöl» qoruğuna mikroavtobuslar gedir. Burada çoxsaylı kiçik restoranlar, kafe və qəlyanaltılar var.
Rayondakı tarixi abidələrə misal olaraq Sarıqaya kəndində XII əsrə aid qüllənin Zurnabad kəndində XII əsrə aid qalanın, Göygöl şəhərində XIX əsrdə tikilmiş lüteran kilsəsinin, Şəhriyar kəndində XVII tikilmiş «Qabriel kilsəsinin», Topalhəsənli kəndində XII əsrdə tikilmiş «Ağ körpü»nün, Gəncəçay üzərindən salınmış «İkigözlü körpü»nün (XVI əsr) və «Üçgözlü körpü»nün (XIX əsr) adlarını çəkmək olar. Rayon ərazisində tunc və dəmir dövrlərinə aid arxeoloji tapıntılar da məlumdur.
Şəhriyar kəndində əl ilə toxunmuş xalça məmulatı ala bilərsiniz.