Mərkəzi region

Bakı ilə arasında məsafə: 311 km

Əhalisi: 98,8 min nəfər

Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Mingəçevir avtobusları – 5 saat; Qatar: Bakı – Mingəçevir – 7 saat, Bakı – Qazax, Bakı – Ağstafa.

Gənc sənaye şəhəri Mingəçevirin əsası XX əsrin 40-cı illərinin axırlarında – 50-ci illərin əvvəllərində qoyulmuşdur. Mingəçevir adını türk mənşəli Mingiçövr adlı sərkərdənin adı ilə əlaqələndirirlər. Ərəb tarixçisi Təbarinin yazdığına görə, IX əsrdə, ərəb xilafətinin hökmranlığı dövründə Azərbaycanın müvəqqəti hakimi olmuş sərkərdə Mingiçövr indiki Mingəçevirin ətrafında özü üçün iqamətgah düzəltmiş və az sonra xilafətdən uzaqlaşmışdır. Lakin xilafət qoşunları onu məğlub edərək əsir tutmuş və zindana salmışdır. Sonradan bu sərkərdənin şərəfinə həmin məntəqə Mingiçövr adlandı. Bu barədə başqa bir fərziyyəyə görə isə şəhərin adının mənası: «geri qayıt, daha yol yoxdur» deməkdir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi özünün «Səyahətlər» adlı kitabına yazırdı: «Qədimdə Kür çayının sağ sahilində Mingəçevir adlı yer olmuşdur».

Boz dağın ətəklərində ensiz yarğandan çıxan Kür çayı təmiz Mingəçevir ətrafında Kür – Araz ovalığına can atır. İndi çayın vadisi su elektrik stansiyasının bəndi ilə kəsilmişdir. Yarğanın yerində isə böyük Mingəçevir su anbarı yaradılmışdır. Onun sularının köməyi ilə quraqlıq ərazidə yerləşən torpaqlar suvarılır.

Mingəçevir şəhərinin ətrafında aparılmış arxeoloji qazıntılar məlum olmuşdur ki, Sudaqılan şəhər yerinin ərazisində böyük bir kənd varmış. Burada qədim məbədin qalıqları aşkar edilmişdir. Həyat mənbəyi olan çiçəyə can atan iki tovuz quşunun təsviri çəkilmiş iri daş kapitel böyük marağa səbəb olur. O, sarımtıl rəngli yumşaq daşdan yonulmuş, yuxarı hissəsində alban əlifbası ilə yazı həkk edilmişdir. Burada tapılmış yunan, Roma və Sasani sikkələri həmin tikililərin V – VI əsrlərə aid olduğunu söyləməyə imkan verir.

Kür çayının sahilində, mənzərəli bir yerdə salınmış Mingəçevir şəhəri yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Şəhərdə maraqlı arxitekturaya malik müasir binalar, o cümlədən, böyük bir təzə məscid vardır. Kür çayının yaxınlığında tikilmiş restoranlar və çayxanalar qonaqların istirahəti üçün hər cür şəraitə malikdir.

Şəhərin yaxınlığında süni göl və kiçik bir çimərlik var. Kürün sahilində Olimpiya avarçəkmə bazası yerləşir.

Bakı ilə arasında məsafə: 176 km

Əhalisi: 82,2 min nəfər

Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Neftçala avtobusları – 3,5 saat

Neftçala rayonu Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə yerləşir. Keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirərdilər. Buna görə də həmin ərazi Xanqışlağı adlanmağa başlanmışdır. Neftçalanın indiki adı isə burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır.

Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür təcrübə zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır.Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir.

Rayonun inzibati mərkəzi – Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığındadır. Bu rayonda mədəniyyət sarayı, diyarşünaslıq muzeyi və rəsm qalereyası fəaliyyət göstərir. Azərbaycanın müstəqilliyi uğrunda alovlu mübariz, xalq şairi Xəlil Rza Ulutürk bu rayonda doğulmuşdur.

Neftçala rayonunda mövcud sanaye müəssisələrinə misal olaraq balıq kombinatının, yod-brom zavodunun, nərə balıqları yetişdirilən təcrübə zavodunun adını çəkə bilərik. Rayonda nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri yetişir.

Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə qeyri-adi mənzərəni müşahidə etmək olar: Kür çayının suyu dənizin suyundan ideal düz xətt boyunca ayrılır, sanki bu nazik xətt həmin suların bir-birinə qarışmaması üçündür.

Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.

Bakı ilə arasında məsafə: 126 km

Əhalisi: 126,5 min nəfər

Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Salyan avtobusları Qatar: Bakı – Astara – 6 saat.

Salyan rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Kür çayı bu rayonun ərazisindən keçir. Salyan düzənliyi bir sıra xüsusiyyətlərinə görə Muğan düzünə oxşayır.

Salyan rayonu – Lənkəran – Astara zonasının «qapısı» hesab edilir. Çünki Bakını Azərbaycanın cənub rayonları ilə əlaqələndirən dəmir yolu və şosse yolu məhz Salyan rayonun ərazisindən keçir. Rayon mərkəzindən 5 km aralıda yerləşən Babazənin palçıq vulkanından çıxan müalicəvi əhəmiyyətli palçıq çoxlarını buraya cəlb edir.

Rayonun inzibati mərkəzi – Salyan şəhəri Azərbaycanın şimal və qərb şəhərlərini cənub şəhərləri ilə və Yuxarı Şərq regionu ölkələri ilə birləşdirən qədim karvan yolunun kənarında salınmış şəhərdir. Bu şəhərin adı «sal» qəbiləsinin adından götürülmüşdür. Deyilənə görə bu şəhər həmin qəbilənin nümayəndələri tərəfindən salınmışdır. Kür çayı bu şəhərin içindən burula-burula axıb keçir.

Rayonun ərazisində mövcud olan memarlıq abidələrinə misal olaraq, Qumlavar körpüsünü (XII əsr), Qubalı Baloğlan kəndindəki Xanağah tikililər kompleksini (XIX əsr) göstərə bilərik. Salyan şəhərindəki «Təndirxana» karvansarayı isə bizim zəmanədə şərq üslubunda tikilmiş və müasir avadanlıqla təchiz edilmişdir. Qonaqlar burada qədim Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olurlar. Bu yeməklərin hazırlanma reseptləri rayonun bir sıra yaşayış məntəqələrində qayğı ilə qorunub saxlanılır və nəsildən-nəslə ötürülür. Onu da qeyd edək ki, istər milli xörəklərin, istərsə də həmin xörəklərin yanında verilən çərəzlərin hazırlanması hər yerdə spesifik xüsusiyyətlərə malikdir.



Fəsillər