Bakı ilə arasında məsafə: 268 km
Əhalisi: 213,2 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Lənkəran avtobusları – 6 saat; Qatar: Bakı – Astara – 9 saat
Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Lənkəranın iqlimi rütubətli-subtropikdir. Bu yerlərdə sərt və qarlı qış olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı keçir. Havanın orta illik temperaturu +14 °C. Ən soyuq ay yanvar (+3,4 °C), ən isti ay isə iyul ayıdır (+2,5 °C). Yağıntıların illik miqdarı 1400 – 1600 mm olur. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40-45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır.
Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10-25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu Xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikilmişdir.
Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.
Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.
Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir.
Rayonun inzibati mərkəzi – yaşallağı qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları da qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası «lövbər yeri», yəni «liman» demək idi.
XVIII əsrdə Talış xanlığı yaradıldı. Qaraxanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Lənkəran xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Lənkəran xanlığı Rusiyaya birləşdirildi.
Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır. Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır.
Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı –məşhur generallar Səmədbəy Mehmandarovun və Həzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir.
Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənəvi xalq sənətləri – xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar.
Bakı ilə arasında məsafə: 325 km
Əhalisi: 77,5 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Lənkəran – Lerik, Bakı – Lerik avtobusları – 9 saat
Talış dağlarının zirvəsində Azərbaycaınn ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Burada adama elə gəlir ki, əlini uzatsa göyə toxunmaq olar. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməmişdir: əzəmətli dağlar, bakirə meşələr, büllur kimi saf sulu çaylar və şəlalələr, təmiz hava və bərəkətli torpaqlar… Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (1492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır. Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayda orta temperatur +20 °C -dən +25 °C -yə qədər olur. Bülüdül (rayon mərkəzindən məsafəsi 20 km) və Zərinqala (17 km) təbii istirahət zonaları çox məşhurdur. Burada ləzzətli su bulaqları var. Meşələrdə və Lerik çayının sahillərində qaban, dovşan, tülkü, kəklik və ördək ovlamaq üçün əlverişli şərait var. Meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə də rast gəlmək olar. Hazırda bu nadir heyvanın qorunub saxlanması üçün müvafiq elmi proqram həyata keçirilir.
Bu regionun bənzərsiz təbiəti ilə yanaşı özünəməxsus mədəniyyəti və qədim tarixi də onu məşhurlaşdırır. Burada tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII – XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olmuş, ordakı qədim abidələrə baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Düma öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin rəşadətini təsvir etmişdir.
Lerik həmişə uzunömurlulər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Mahmud Eyvazov isə 150 il yaşamışdır (1808-1958). Hazırda bu rayonda yaşı 100-ü çoxdan keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır.
Rayonun inzibati mərkəzi – Lerik şəhəri uca dağlar və münbit düzənlik ərazi arasında yerləşir. Burada Siz yerli diyarşünaslıq muzeyinə getmək və Qarabağ müharibəsi şəhidlərin xatirəsinə ucaldılmış memoriala baxmaq imkanı əldə edəcəksiniz.
Bakı ilə arasında məsafə: 230 km
Əhalisi: 205,8 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Marşrut avtobusları: Bakı – Masallı – 7 saat, Sumqayıt – Masallı, Gəncə – Masallı, Mingəçevir – Masallı, Şirvan – Masallı, Lənkəran– Masallı; Qatar: Bakı – Astara – 6,5 saat.
Masallı rayonu Bakıdan cənuba – Lənkəran və İrana gedən əsas yol boyunca yerləşən kənd təsərrüfatı rayonudur. Antik dövrdə bu ərazi Manna və Atropatena dövlətlərinə məxsus olmuşdur. XVIII əsrin ortalarından etibarən Masallı Talış xanlığının tərkibinə daxil olmuşdur.
Rayon bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən Talış dağları ilə əhatə olunmuşdur. Relyefinə görə bu rayonu şərti olaraq, dağlıq və düzənlik hissələrə bölmək olar. Dağlıq hissə Talış dağlarına, düzənlik hissə isə Lənkəran ovalığına yaxın ərazini əhatə edir. Buranın iqlimi subtropikdir. Viləş, Tatyan, Alvadıçay, Matara və başqa çaylar bu rayonun ərazisindən axaraq Xəzər dənizinə tökülür. Zəngin bitki aləminə malik olan bu diyarda təşkil edilmiş Qəriblər və Yenikənd meşə təsərrüfatlarında fıstıq, vələs, dəmirağacı, qızılağac, palıd və başqa qiymətli ağac növləri qorunub saxlanılır. Masallı rayonlararası Ovçuluq Cəmiyyətindən müvafiq razılıq almaqla Qırmızıkənd ovçuluq təsərrüfatında meşə heyvanlarını və quşlarını, «Qızılağac» qoruğuna yaxın ərazidə isə su quşlarını, tülkü, qaban, porsuq, canavar və başqa heyvanları ovlamaq olar.
Rayonda müalicəvi əhəmiyyətli kükürdlü su bulaqları çoxdur. İstisu mineral bulağı dağların mənzərəli bir guşəsindədir. Yay vaxtı buraya gələnlər xüsusilə çox olur. Onların arasında sadəcə olaraq təbiətin gözəlliklərndən zövq almaq üçün buraya üz tutanlar da olur, revmatizm xəstəliyindən əziyyət çəkdiklərinə görə müalicə üçün gələnlər də. Qaynar sulu kiçik şəlalə və asma körpü buranın gözəl mənzərəsinin doğurduğu təəssüratı daha da zənginləşdirir.
Rayonun inzibati mərkəzi Masallı şəhəridir. Bu şəhərin adı bir vaxtlar orada yaşamış masal qəbiləsinin adı ilə bağlıdır. Tarix – memarlıq abidələrindən salamat qalanlara misal olaraq, XIX əsrdə tikilmiş hamam və məscidi, Ərkivan qülləsini , Boradigah və Digah kəndlərindəki məscidləri (XV əsr), Seyid Sadıx türbəsini göstərmək olar. Masallı – Lənkəran yolu boyunca Qızılağac qoruğu yerləşir.
Şəhərdəki tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasına tamaşa etmək, ənənəvi xalq sənəti məmulatları ilə tanış olmaq turistlər üçün maraqlı olar. Musaküçə kəndində toxunan həsirlər, Tükoba kəndində hazırlanan baş yaylıqları, Ərkivan kəndində müxtəlif dulusçuluq məhsulları, dağ kəndlərində xalçalar, corablar, əlcəklər, Qəriblər, Kolatan və Sığdaş kəndlərində isə milli naxışlarla bəzədilmiş ağac məmulatları bu qəbildəndir.
Masallı şəhərinin kənarında sıx meşənin içində kiçik bir göl var. Bura yerli sakinlərin və qonaqların çox xoşladığı istirahət yeridir. Maraqlı səyahətlərdən sonra Azərbaycan mətbəxinin dadlı, adamı iştaha gətirən fincan, ləvəngi və başqa nemətlərini dadmaq yerinə düşər.