Şirvan

Bakı ilə arasında məsafə: 185 km

Əhalisi: 81,7 min nəfər

Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – İsmayıllı avtolbusları.

Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yaşıllığa qərq olmuşdur. Əsasən dağlıq relyefə malik olan bu rayonun ən uca nöqtəsi Babadağdır (3629 metr). Rayondakı meşələrin ümumi sahəsi 66799 hektardır.

İsmayıllı rayonun təbiəti: dağ çayları, meşələr, qayalar, təbii və süni göllər, şəlalələr, zəngin heyvanat və bitki aləmi burada olmuş hər kəsin qəlbində xoş təəssüratlar oyadır. Azərbaycanda mövcud olan 9 iqlim tipindən 3-ü İsmayıllı rayonunda təmsil edilmişdir. Aran ərazidə iqlim isti və mülayim, dağlarda isə soyuqdur. Yanvar ayında orta temperatur - 0,5 °C, iyul ayında isə +23 °C. Yağıntıların orta miqdarı ildə 584 mm-ə bərabərdir.

Girdimançay, Göyçay və Ax-ox çayları bu rayonun ərazisindən keçir. Rayonda şəlalələr də çoxdur: Qalacıq kəndinin yaxınlığındakı şəlalənin hündürlüyü 50 metr, İstisu kəndinin yaxınlığındakı şəlalənin – 25 metr, Burovdal kəndinin yaxınlığındakı şəlalənin – 50 metr, Müdrüsə kəndinin yaxınlığındakı şəlalənin hündürlüyü 25 metrdir. Babadağın yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə, bir-biri ilə yanaşı yerləşən üç təbii göl, eləcə də Kürdmaşı və Aşıqbayramlı kəndlərinin yaxınlığındakı iki süni göl bu rayonun inciləridir. Balıq ovu həvəskarları həmin göllərdə balıq tutmaq imkanlarından istifadə edə bilərlər.

Zəngin bitki və heyvanat aləminə malik olan İsmayıllı rayonunda çoxlu dərman bitkiləri yetişir, burada nəcib maral, dağ keçisi, qaban, ayı, canavar, tülkü, dovşan və başqa heyvanlar yaşayır. 1969-cu ildə rayonun ərazisində sahəsi 5778 hektar olan İsmayıllı qoruğu yaradılmışdır.

İsmayıllı rayon ekologiya və təbii sərvətlər idarəsi tərəfindən rayonun açıq ərazisində müvafiq mövsümdə ov etmək və balıq tutmaq üçün lisenziyalar verilir. Məşhur rus şairi Lermontov 1837-ci ildə İsmayıllının Tircan kəndində olmuş, burada tanınmış el aşığı Aşıq Orucla görüşmüşdür. Şair özünün «Aşıq Qərib» poemasını aşıq Orucun və Qusarlı aşıq Ləzgi Əhmədin dilindən eşitdiyi «Aşıq Qərib» dastanı əsasında yazmışdır.

Rayonda azərbaycanlılarla bərabər digər xalqların və etnik qrupların nümayəndələri yaşayır: ləzgilər, ruslar (malakanlar), yəhudilər, lahıclar, qədim albanların nəslindən olan hapıtlar.

Azərbaycanda məşhur olan İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gəlmiş malakanlar nəslinin davamçıları yaşayır. Bu yerlərin sakinləri – əməksevər insanlar öz qədim ənənələrini və mədəniyyətlərini qoruyub saxlayıblar.

İsmayıllı rayonunda xalq sənəti ənənələri çox güclüdür. Qalacıq, Təzəkənd və başqa kəndlərdə hələ də xalçaçılıqla məşğul olurlar. Adı VII əsrdən məlum olan, Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə məşhurdur. Dağlar qoynunda salınmış bu kiçik şəhər Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Burada misdən döymə üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı çoxdan məşhurlaşdırıb. Lahıclı ustaların düzəltdiyi qablar və silahlar bütün Qafqazda çox həvəslə alınırdı.

Mövcud çətinliklərə baxmayaraq öz əcdadlarının işlərini davam etdirən yerli sənətkarlar – misgərlər, sərraclar, döymə işi ustaları, dulusçular, dəmirçilər, papaqçılar az deyil. Lahıc və Basqal kəndlərində tarix-mədəniyyət qoruqları yaradılmışdır. Buradakı tarixi abidələr mühafizə olunur. Basqal kəndində XVII əsrə aid məscid və hamam, Lahıc kəndində isə Bədöyün məscidi, Zəvəro məscidi (1791-ci il), Ağoli məscidi və Zəvəro bulağı mühafizə olunur.

Rayonun başqa yerlərində də çoxsaylı qədim abidələr var. Xanagah kəndindəki Qız Qalası (VII əsr), Sulut kəndində adına rəvayətlər qoşulmuş Fitdağ qalası (XVIII əsr) bu cür abidələrdəndir. Rəvayətə görə, eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər bu yerlərdə dincəlməyə dayanıbmış. Hökmdarın sərəncamlarını hamıya çatdırmaq üçün onun carçıları dağın zirvəsinə çıxaraq, qızıl boruları götürüb fit verirlərmiş. O vaxtdan həmin dağ «Fit dağ» adlanır. Qalacıq kəndinin yaxınlığında Qasımxan qalasının qalıqları var. Girdimançayın sol sahilində, dağın uca zirvəsində ilkin orta əsrlər dövrünə aid başqa bir qalanın xarabalıqları qalır. Bu qalanın tikilməsi Qafqaz Albaniyası hökmdarı Cavanşirin (VII əsr) adı ilə bağlıdır. Sulutda Haram qalası, Qırxotaq qəsri, Cümə məscidi, müdafiə təyinatlı Xirəki səddi də maraqlıdır. Xankəndində Xan qalası (XVII əsr) salamat qalmışdır. Rayonun bir sıra kəndlərində qədim məscidlər, hamamlar və başqa tikililər var. Ümumrespublika dağ turist marşrutları sayılan İsmayıllı – Lahıc – Babadağ – Quba (133 km), İsmayıllı – Lahıc – Şamaxı (105 km); İsmayıllı – Qalacıq – Qəbələ (79 km) marşrutları bu rayonun ərazisindən keçir. Yerli marşrutlar da populyardır: İsmayıllı – Lahıc (47 km), İsmayıllı – Basqal – Xankəndi – Sulut (36 km), İsmayıllı –Talıstan – Cavanşir qalası (7 km), İsmayıllı – Qalacıq – Qasımxan qalası (38 km), İsmayıllı – Qalagah – Mollaisaqlı (44 km).

Bakı ilə arasında məsafə: 135 km

Əhalisi: 95,3 min nəfər

Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı – Şamaxı avtobusları.

Şamaxı rayonu Şirvanın özəyi sayılır. Rayonun mərkəzi Şamaxı şəhəri hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri idi. Burada aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş tikililərin qalıqları və tapılan əşyalar göstərir ki, hələ 2500-3000 il əvvəl həmin ərazidə şəhər mövcud olmuşdur. Qədim yunan tarixçəsi Ptolomey Qafqaz Albaniyasının şəhərləri sırasında Şamaxının da adını çəkir. Şamaxının bağları və ipək parçaları qədimdən məşhurdur. Burada müxtəlif sənət növləri geniş yayılmışdı. Misdən döyülmüş naxışlı məmulatlar, yüksək bədii keyfiyyətlərə malik bəzək əşyaları və ev müxəlləfatı çox ustalıqla hazırlanırdı.

Şamaxı şəhərinin yarandığı vaxtdan keçən əsrlər boyu onun adı dəfələrlə dəyişmişdir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif mənbələrdə bu diyarın adı Şirvan, Sarvan, Xairvan, Əşşmax, Şax-max, Şamux və başqa şəkillərdə göstərilir. Bu fərziyyəyə görə Şamaxı adı «şah» (böyük) və «max» (şəhər) sözlərindən əmələ gəlmişdir. Başqa bir fərziyyəyə görə, «şam» sözü – Dəməşq şəhərinin ərəbcə adı, «axı» (əxi) isə «oxşar», «bənzər» deməkdir. Buraya köçüb gəlmiş suriyalılar Şamaxının gözəlliyini və əzəmətini görəndən sonra onu Dəməşqlə müqayisə ediblər.

Şamaxı rayonu ərazisində qədim dövrlərdə baş vermiş maraqlı hadisələr haqqında işarə verən toponimlər çoxdur. Məsələn, Məlhəm kəndinin yaxınlığında yerləşən mağara vaxtilə özünün şəfaverici xassələri ilə məşhur olmuşdur. Astma və başqa ağır xəstəliklərdən əziyyət çəkən adamlar Məlhəmə gələrək bir neçə həftə bu mağarada yaşadıqdan sonra xəstəlikdən xilas olurdular. XII əsrdə yaşamış məşhur şair Əfzələddin Xaqani bu kiçik kənddə dünyaya göz açmışdır.

Qədim Azərbaycan şəhərləri arasında Şamaxı xüsusi yer tutur, onun başı çox bəlalar çəkib. Bu şəhər dəfələrlə yadelli işğalçıların başaqlarına məruz qalmış, nəticədə nəinki mədəniyyət abidələri, hətta qədim mütəfəkkirlərin yaradıcılığının qiymətli məhsulları da məhv olmuşdur. Bir vaxt Şamaxıda olmuş Aleksandr Düma bədbinliklə yazırdı: «Şamaxı heç vaxt bu gündən sabaha salamat çıxacağını söyləyə bilməyəcək». Lakin şamaxılılar hər dəfə bu şəhəri xarabalıqlar və küllüklər içindən dirçəltmək üçün həmişə özlərində qüvvə tapırdılar.

Şamaxının adı çəkiləndə məşhur xalçalardan başlamış, Puşkin «Şamaxı şahzadəsi»nə qədər müxtəlif assosiasiyalar yaranır. Məşhur rus səyyahı, Tverli tacir Afanasi Nikitin «üç dəniz arxasına» səyahətə çıxarkən burada da olmuşdur.

Şamaxı torpaqlarının təbii şəraiti lap qədim vaxtlardan insanları cəlb edirdi. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox adda dərman bitkiləri yetişir.

Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şəraiti müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 sm-dir.

Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonun ərazisindədir. Qaraçay, Vəlvəliçay və Girdmançay öz mənbəyini Babadağdan götürür.

Şamaxı Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Zeynalabdin Şirvani, Hamidi Şirvani, Fələki Şirvani, Məhəmməd Hadi, İmadəddin Nəsimi, Hacı Zeynalabdin Şirvani, Əzim Əzimzadə və başqa istedadlı söz və fırça ustalarının, dahi mütəfəkkirlərin və memarların vətənidir.

Şamaxı həm də Azərbaycanın ən iri üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi məşhurdur. Şamaxının məşhur süfrə və desert şərabları beynəlxalq sərgilərdə çoxsaylı medallara və diplomlara layiq görülmüşdür.

Şamaxı şəhərindən 12 km şimal-şərqdə. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına astrofiziki rəsədxana fəaliyyət göstərir. Bu rəsədxana ən müasir avadanlıqlarla və MDB məkanında ən böyük, güzgüsünün diametri 2 metrə bərabər olan, teleskopla təchiz edilmişdir. Pirquluda qışda dağ-xizək idmanı ilə məşğul olmaq, yayda isə at belində maraqlı gəzəntiyə çıxmaq mümkündür.

El arasında «Qırxbulaq» deyilən, saf sulu bulaqları ilə məşhur olan mənzərəli yer də çox məşhurdur. Buranın gözəl təbiətini mühafizə etmək üçün sahəsi 1521 hektar olan «Pirqulu» qoruğu yaradılmışdır. Şamaxı yolunun düzənliyə çıxdığı hissəsində yerləşən kiçik Cəngi qəsəbəsində turistlər məşhur «Şirvan», «Qobustan», «Şamaxı», «İsrafil», «Ərciman» xalçalarını toxuyan mahir ustalarla tanış ola bilərlər. Bu yerlərdə yaşayan çobanlarını ailələri milli naxışlarla bəzədilmiş al-əlvan yun corablar toxuyurlar.

Şamaxıdan 10 km aralıda, Pirsaat çayının sağ sahilində, dəniz səviyyəsindən 850 metr yüksəklikdə Çuxuryurd adi böyük bir qəsəbə yerləşir. Burada vaxtilə Rusiyadan köçüb gəlmiş malakanların nəsli yaşayır. Çuxuryurdun kartofu, kələmi, günəbaxan yağı çox məşhurdur. Burada yetişən alma, armud, gavalı və şaftalı dağ balı çox həvəslə alınır. Qəsəbənin ətrafındakı təpələrdən baxanda Babadağ, Tufandağ və Bazardüzü kükürdlü su bulaqları var.

Zəngin təbiətə malik olan Şamaxı rayonun həm də qədim tarixi vardır. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə təmsil edilir: Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Kələxanı kəndindəki İmamzadə piri, XVII əsrə aid səkkiz məqbərədən ibarət kompleks, Gülüstan qalasının (XI-XII əsrlər) xarabaları və s. XIV əsrdə tikilmiş, yuraltı hamamı olan karvansara kompleksi də böyük marağa səbəb olur.

Çuxuryuddan 9 km aralıda Qala-buqurt adlı dağ kəndi yerləşir. Bu kəndin ətrafında sanki sal qayaya bitişik olan əfsanəvi Qala-buqurt istehkamının (XV-XVI əsrlər) xarabalıqları qalmışdır. XIII əsrdə Şirvanşah Şharux hücum etmiş farslardan burada müdafiə olunmuşdur. Qalanın içərisində şahin sarayı vardır. Qala mükəmməl su təchizatı sisteminə malik idi. İstehkam səddinə tağ şəkilli gizli yolla gətirilən suyu saxlamaq üçün daşdan tikilmiş hovuzlar, su qülləsi və su kəməri vardır. Gülüstan qalasının xarabalıqları Şamaxının yaxınlığındadır. Şirvan hökmdarlarından biri olmuş Mustafa xanın sarayının qala divarlarının qalıqları Fit dağında ucalır. Şirvan xanlarının uyuduğu Yeddi Qümbəz məqbərəsi (XVIII-XIX əsrlər) yaxşı vəziyyətdə qalmışdır. Ən qədim abidələrdən biri də Xınıslı kəndində daşdan yonulmuş qadın heykəlidir. Üç rayonun – Şamaxı, Quba və Şabran rayonlarının qovuşduğu yerdə meşəli dağın zirvəsində qədim Şərgah şəhərinin xarabalıqları var.



Fəsillər