Bakı ilə arasında məsafə: 225 km
Əhalisi: 97,2 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı-Qəbələ avtobusları
Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir.
Qəbələ rayonunda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar. Tikanlıçay, Qumçay, Dəmiraparançay və Vəndam çayları bu rayonun ərazisindən axır.
Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələr var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir.
Azərbaycanın İsveçrəsi adı verilən Qəbələ şəhəri olduqca heyrətamiz bir coğrafi məkanda yerləşir.
Rayonda yüzlərlə tarix və mədəniyyət abidəsi var. Onlara misal olaraq Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə aid məqbərəni, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba pirini, Komrad dağının zirvəsindəki Komrad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə kəndində Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri XV əsrə aid edilir.
Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloji mədəniyyət elmdə Yalovlu mədəniyyəti adlanır.
Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır.
Turistlərə xidmət edən «Dağ Turizm Bazası» ekskursiyaların, meşədə istirahətin və ovun təşkil edilməsi ilə məşğul olur.
Bütün bunlar, xüsusilə son yeddi-səkkiz ildə, turistləri Qəbələyə cəlb edir, Azərbaycanda, xüsusilə də Qəbələdə, turizm bumu haqqında əminliklə demək olar.
Azərbaycan hökuməti ölkədə turizmin inkişafına böyük diqqət yetirir. 2010-cu ildə turistlərin cəlb edilməsini, yeni otellərin yaradılmasını nəzərdə tutan dövlət proqramın ikinci hissəsi start götürmüşdür. Bu işlərin həyata keçirilməsi şəhərin inkişafına və bura investisiyaların cəlb edilməsinə yeni təkan verəcək.
Artıq bu gün siz qədim xarabalıqları və gözəl şəlalələri səfər edə biləcəyiniz, gözəl gölün sahillərində ormanda rahat istirahət edə biləcəyiniz bir neçə istirahət zonaları və turist bazaları var. Şəhərin yaxınlığında iki beş ulduzlu kompleks açılıb. Bir neçə qonağın yerləşməsi üçün kiçik ailə tipli mehmanxanalar da var.
Qəbələ - kiçik bir şəhərdir, ona görə də sənayesi çox inkişaf etmiş deyil. Bir tütün fabriki, bir sement zavodu və konserv zavodu var. Bu yaxınlarda Avropanın məşhur markası Beltman fortepianoların istehsalı üzrə zavod açılıb. Və bu cənnət yerininin möcüzəli mənzərələrini və ekologiyasını korlamaq üzücü olardı.
Bakı ilə arasında məsafə: 345 km
Əhalisi: 54,1 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyatla - Tbilisi-Qax, Bakı-Qax avtobusları – 9 ssat; Qatarla - Bakı-Bərdə-Balakən - 10 saat
Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir. Kümrük, Qaşqaçay və Əyriçay çayları sərhəd boyunca axır. Dağlardakı göllər və şəlalələr bu yerlərin bəzəyidir. Rayonun cənubunda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Yayda ən yüksək temperatur +41 С olur. Bu cür yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə olunur. Qışda ən aşağı temperatur dağların zirvəsində müşahidə olunur və -45 С-ə çatır. İlisu qoruğu bu rayonun ərazisindədir. Dağ meşələrində ayı, dağ keçisi, canavan, çöl pişiyi, qaban, çaqqal və başqa heyvanlar yaşayır. Rayonda ovçuluq və balıqçılıq üçün geniş şərait vardır. Qanıq – Əyriçay vadisində düzənliklər və dağ ətəyi əsas ovçuluq zonalarıdır. Balıqçılıq üçün isə Əyriçay, Qapıçay, Qanıq çayları və Lələli kəndi ərazisinin su hövzəsi münasibdir. Rayonun ən mənzərəli yerləri rayon mərkəzindən 12-20 km məsafədədir.
Qax rayonunun mərkəzi, Qax şəhəri dəniz səviyyəsindən 500 m yüksəklikdə coşqun Kurmuxçayın sahilində, Böyük Qafqaz bağlarının meşəli cənub yamaclarında salınmışdır. Şəhərin adını bildirən «Qax» sözü «qala, istehkam» deməkdir. Qaxdan 6 km şimal-qərbdə, meyvə bağları və bakirə meşə arasında mənzərəli Ağçay adlı kiçik bir kənd yerləşir. Dəniz səviyyəsindən 1400-1600 m yüksəklikdə, Qax şəhərindən 12 km şimal-qərbdə yerləşən İlisu adlı bağ kəndi (bu kənd vaxtilə İlisu sultanlığının paytaxtı olmuşdur) daha böyük marağa səbəb olur. Kəndin ətrafındakı termal mineral kükürdlü su bulaqları müalicəvi əhəmiyyətə malikdir. Qax rayonunun ərazisində bir sıra tarixi abidələr, qala xarabalıqları var. arxeoloci qazıntılar nəticəsində aşkar edilmiş kurqanlar tunc dövrünə aiddir. İlisu kəndində 10 m hündürlüyündə dördbucaqlı keşikçi qülləsi (XIV əsr) və mərkəzində məscid yerləşən Sumuq qalası var. Sumuq qalası xalqın yaddaşında Şeyx Şamilin igid məsləkdaşı İlisunun sonuncu sultanı Daniyal-bəyin dayağı kimi qalmışdır. Burada daha qədim arxeoloci abidə var. Bu, küp qəbirlərdir (eramızdan əvvəl I əsr).
XVIII əsrdə tikilmiş Ulu körpü qədim memarlıq nümunəsidir. Qaxdan Zaqatalaya gedən yolun kənarındakı Tirməçi kəndi yaxınlığında qocaman palıd meşəsinə gedən ensiz bir cığır var. Bu cığırın sonunda Şamilin naibi Hacı Muradın məzarı yerləşir. Məzarın üstündəki daşın üzərində ərəb dilində bu sözlər yazılmışdır: «Burada böyük cəfakeş, avar Hacı Murad Xunzaklı dəfn edilmişdir».
Qum kəndində Qafqaz Albaniyası dövrünə aid qədim abidələr var: dairəvi formalı kilsə, V-VII əsrlərə aid tikililərin xarabaları, Sırtqala qalası (XVIII əsr), unikal ibadətxana – Qum bazilikası. Lekit kəndində məbəd tikililərin kompleksi (V-VI əsrlər) yerləşir.
Bakı ilə arasında məsafə: 372 km
Əhalisi: 121,3 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyatla - Bakı-Zaqatala avtobusları – 9 saat; Qatarla - Bakı-Bərdə-Balakən – 11 saat.
Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-qərbdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1 С, dağlarda -10 S, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24 С və +5 С olur. Burada ildə 600-1600 mm yağıntı düşür. Rayon ərazisinin yarısı, əsasən dağlıq ərazilər, meşələrdə örtülmüşdür. Burada şabalıd, qoz, yındıq, palıd, fısdıq, vələs, qarağac və başqa qiymətli ağac növləri bitir. Rayonun heyvanat aləmində nəcib maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, quşlardan isə qırqovul, qaratoyuq, kəklik, turac, dağ qartalı, çalağan, bülbül üstünlük təşkil edir. Rayonun ərazisinin bir hissəsini 1929-cu ildə yaradılmış Zaqatala qoruğu tutur. Sahəsi 23.844 hektar olan bu qoruqda hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdir. Lakin ekoloci turizm üçün burada münasibə şərait var. Turist cığırları boyunca piyada və at belində səyahətə çıxanda qoruqda yaşayan heyvanların və quşların davranışını müşahidə etmək, foto və video çəkilişlər aparmaq mümkündür. Bu marşrutlarda turistlərin dincəlməsi və gecələməsi üçün münasibə yerlər var. Qırqovul və su quşlarını, qaban, dovşan və başqa heyvanları ovlamaq mümkündür. Qaş kəndinin ətrafında qışda xizək sürmək üçün əlverişli şərait var.
Zaqatala – beynəlmiləl rayondur. Burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri – avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar və başqaları yaşayır.
Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Gözbarax və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Mazıx kəndində XII əsrə aid adban qalası və XVIII əsrə aid məscid, Kebeloba kəndində XIV əsrə aid edilmiş iki abidə, Yuxarı Çardaxlar kəndində Pəri qalası, Paşan kəndində XIII əsrə aid alban qalası, Car kəndində XIV əsrə aid Çingözqala qülləsi, Axaxdərə kəndində XII əsrə aid alban qalası, I Tala kəndində XIX əsrə aid Cümə məscidi, kəndlərin çoxunda, o cümlədən, Mosul və Əliabad kəndlərində XIX əsrə aid məscidlər bu qəbildəndir.
Rayonun mərkəzi, Zaqatala şəhəri, dəniz səviyyəsindən 535 m yüksəklikdə, Talaçay çayının sahilində yerləşir. Elə güman edirlər ki, Zaqatala adı vaxtilə öz ailəsi ilə bu ərazidə ilk dəfə məskunlaşmış Zəki adlı şəxsin adından yaranmışdır: «Zəki talası».
Zaqatalanın mövcud iqlim şəraiti bu şəhəri dağ-iqlim kurortuna çevirməyə imkan vermişdir. Zaqatala şəhərindəki parkın yanında yerləşən qədim qala orta əsrlər dövründə tikilmişdir. «Potyomkin» qiyamçı zirehli gəmisinin matrosları bu qalada saxlanılmışdır. Üsyan iştirakçısı S.Demaşkoya mədəniyyət və istirahət parkında abidə ucaldılmışdır. Şəhərin ən mənzərəli güşələrinin birində S.Qazıyevanın abidəsi qoyulmuşdur. O, pamğıqyuyan maşının sükanı arxasında əyləşən ilk qadın olmuşdur. Şəhərdə maraqlı bir təbii abidə var. Bu yaşı 800 ildən çox olan ağacdır.
Bakı ilə arasında məsafə: 305 km
Əhalisi: 175,7 min nəfər
Nə ilə getmək olar: Avtonəqliyyat: Bakı-Şəki avtobusları; Qatar: Bakı-Bərdə-Balakən – 8 saat
Şəki rayonu Azərbaycanın ən maraqlı, bənzərsiz və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi – Şəki şəhəri böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında, qarlı zirvələr fonunda yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.
Belə hesab edirlər ki, Şəkinin əsası bizim eradan əvvəl I minillikdə qoyulmuşdur. Bu şəhərin 2500-2600 yaşı olması güman edilir. Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qəbiləsinin adından alınmışdır. Qədim Şəki ticarət yolları qovşağında yerləşirdi. O, iri ticarət mərkəzi, ipəkçiliyin və sənətkarlığın yaxşı inkişaf etmiş olduğu bir yer idi. Əsrlər boyu buraya gələn səyyahlar ilk növbədə Şəkinin bazarlarına baş çəkirdilər. Məşhur Şəki bazarlarında şıdırğı alver gedirdi: taxıl ipək, dülüsçuluq məmulatı, döymə işi olan qablar və zərgərlik məmulatları satılırdı. Lakin Şəkini ən çox məşhurlaşdıran – onun ipəyi idi. Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələrindən gəlmiş tacirlər yüngül, güləbətin işləməli duvaq kimi, şəffaf Şəki ipəyini dünyanın müxtəlif ölkələrinə aparırdılar. Böyük İpək Yolu bu ərazidən keçdiyi dövrdə buralarda necə canlanma yarandığını təsəvvür etmək olar. Heyrətamiz gözəlliyə malik olan Şəki xalçaları da çox məşhur idi.
1826-cı ildə A.S.Puşkinin dostu general N.Rayevski bu diyarda olandan sonra qohumlarına yazdığı məktubda buranı belə təsvir etmişdir: «Mənim keçib getdiyim diyar adamı heyran edir. Düşərgəmiz nar, çinar və başqa ağaclar bitən meşədədir. Nuxa əsl möcüzədir. O, Bağçasaraydan qat-qat üstündür… Burada bu diyarın keçmiş xanlarının sarayı var. Bu saray o qədər gözəldir ki, Bağçasaray onunla müqayisədə çox zəif təsir bağışlayır». Şəki ərazisində çoxsaylı arxeoloji abidələrin olması onun çoxəsrlik tarixə malik olduğuna sübutdur. Cüyürlü və Daşüz kurqanları, Yoncalı nekropolu (eramızdan əvvəl II əsr), Qotur təpə adlı qədim məskən, Salman dərə (tunc dövr), Dəhnə kəndindəki qüllə və s.
Şəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı (1762-cı il) turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Evin mərkəzi zalını bəzəyən buxarının üzərində gözəl xətlə bu evə səadət və əminamanlıq diləyən mətnlər yazılmışdır. Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir.
Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində «Gələrsən – görərsən» qalasının xarabalıqları vardır. Bir vaxtlar düşmənlər üçün əlçatmaz olan bu qala şəhərin gəliş-gediş yollarını qoruyurdu. Qalanın müdafiəçiləri yadelli işğalçılara qarşı mübarizə tarixinə çox rəşadətli səhifələr yazmışlar. Təsadüfi deyildir ki, Lev Tolstoyun məşhur «Hacı Murad» povestində təsvir edilən hadisələrin Şəki qalasında baş verməsi yazılır. Şəhərin lap girəcəyində burada döyüşlərin birində həlak olmuş Hacı Muradın məzarı var. Buraya gələn turistlərə həmin məzarı hökmən göstərirlər.
Rayonda başqa qədim abidələr də var. onlara misal olaraq bir neçəsinin adını çəkək. Kiş kəndindəki qədim alban kilsəsi I-II əsrlər). Bu məbəd Kiş adlı dağ çayının sahilindədir. Məbədin binası xalq arasında «şirima» deyilən iri daşdan tikilmişdir. Orta Zəyzid kəndindəki kilsə də (VI-VII əsrlər) elə həmin daşdan tikilmişdir. Kiş kəndindəki Qızlar qalası adlı qüllə IV-V əsrlərə aiddir. VI əsrə aid Cavur qülləsi, XVIII əsrə aid Gileyli məscidinin minarəsi, Şəki şəhərində M.F.Axundovun ev muzeyi, Şin kəndindəki orta əsrlərə aid Şinaz qülləsi, rayonun müxtəlif kəndlərində XIX əsrdə tikilmiş çoxsaylı məscidlər bu qəbildəndir.
Şəkidə xalq sənətinin bir sıra növlərini bu gün də yaşadırlar. Şəkili ustalar üstü əlvan naxışlı sandıqlar düzəldir, qadınlar üçün «kələğayı» toxuyur, ipək və məxmər üzərində tikmə işləri görürlər. Yerli ustaların əl işləri arasında «təkəlduz» deyilən, ipək parçalardan istifadə edilməklə toxunan məmulat xüsusi maraq doğurur. Şəhərdə bu və ya digər peşə adlarını göstərən küçə adları hələ də saxlanmışdır: Dulusçular, Zərgərlər, Halvaçılar və s. Öz ustaları ilə ad çıxarmış qədim emalatxanalara baş çəksəniz orada Sizə zərgərlik məmulatlarını, metaldan və ağacdan hazırlanmış müxtəlif suvenirlər təklif edəcəklər.
Şəkinin özünəməxsus və zəngin mətbəxi var. görünür, bu yerin sakinlərinin mehribanlığı və şən əhvalı onların şirniyyatı çox sevməsi ilə bağlıdır. Şəkiyə gələnlər qırmabadam, zilviyyə, qoz və düyü unundan bişirilmiş paxlava, nabat, adamın ağzında əriyən şirin pəşvəng halvası və başqa məşhur Şəki şirniyyatını dadmaqdan özlərini saxlaya bilməyəcəklər. Bu sadaladığımız şirniyyat növləri və məşhur Şəki halvasının ətri bütün şəhərdə duyulur.